SEYMUR ORUC`UN RƏSMİ BLOQU`NA XOŞ GƏLMİSİNİZ!!! YAZILARLA BAĞLI FİKİRLƏRİNİZİ BİLDİRMƏKDƏN ÇƏKİNMƏYİN, LÜTFƏN

21 Eylül 2016 Çarşamba

Bunun adı ANS`sizlik deyil, amma ANS sizlikdir!!!


...Ermənistanın Azərbaycana təcavüzü  davam edir!” – Mən 1994-cü il təvəllüdlü bir Azərbaycan vətəndaşıyam. Doğumum elə bir zamana təsadüf etmişdi ki, o zamanlar artıq savaşlar yekunlaşır, yeni səngərlər qazılır, yeni tellər çəkilir, yeni “atəşkəslər” imzalanırdı. Ölkəmin intizarlı, ağrılı-acılı, özümünsə dünyadan bivec, anlamaz vaxtlarım idi. Analar şəhid dərdiylə saçlarını yolub ağlarkən, mən və mənim həm-nəslim ac olduğumçün, ya da hər nə səbəbdənsə uşaqlığın bizə vermiş olduğu imtiyazdan istifadə edərcəsinə ağlayırdıq...
Diqqətlə fikir verirəm ki, bizlər – yəni mənim həmyaşlarım və məndən 4-5 il böyük gənclərə qədər hər kəs öz dövlətimizlə demək olar ki, həmyaşıq. Demək olar ki, ağladığımız, iməklədiyimiz, ayağa durmağı öyrəndiyimiz, həyatı öyrəndiyimiz vaxtlar dövlətimizlə eyni illərə təsadüf edir. Amma dövlətimizlə həmyaş olan bir şey daha var idi ki – ANS deyirdilər adına.
Bilmirəm hər kəsi mənim qədər incidir, ya yox, amma mən böyük bir boşluq hiss edirəm. Artıq bir aydan daha uzun müddətdir ki, ANS yoxdur. Hələki hər kəsin peyk antenalarında bu kanalın ismi qalmaqdadır. Amma növbəti bir yeniləmədə bu adda silinib gedəcək siyahının ən üstündən. Düzdür, elə öz işçiləri də etiraf edir ki, ANS bir dəfə bağlandıqdan sonra həmin ANS olmadı. Bəlkə də ona görə bu dəfə o qədər də kədərləndirmədi məni, amma 2006-da ona görə ağladığımı xatırlayıram. Hər istirahət günü səhərini Bala dili-ylə açmaq maraqlı gəlirdi çünki. Sizi bilmirəm, amma mən hər axşam saat 9-u xəbər saatı kimi bilirdim... Bütün Azərbaycan auditoriyasının “İç xəbər”-ə kilidləndiyi zamanları da xatırlayıram. Mən Köhnə Azərbaycanlının “Zorxana”-sını maraqla gözləyən bir uşaq olmuşam, bəlkə də buna görə bu qədər təsir edib mənə ANS-siz bir ay ki, bu məqaləni yazmağı özümə borc bildim.
Bəlkə də təkcə məni deyil, hər kəsi incidirdi hər xəbər saatının əvvəlində gedən video-çarxda Çingiz Mustafayevin dilindən “arvadsız” kəlməsini duymaq. Mənə maraqlıdır ki, görəsən yenədəmi “döyüş alnımıza yazılıb”? ANS`in “dəqiq, qərəzsiz və vicdanlı” olub-olmadığını deyə biləcək qədər böyümədim hələ ki, amma bildiyim odur ki, daha mən nə qədər böyüsəm də, bunu heç vaxt aydınlaşdıra bilməyəcəm. ANS şirin bir xatirə kimi qalacaq ağlımda, necə deyərlər, sanki bir külək idi, əsdi və keçdi!
Qəribədir həqiqətən – ANSsiz bir ay, ANSsiz bir il və s... ANSsiz bir ömür. Bir gün nə zamansa, bu haqda bir mövzu açıldıqda, öz övladlarımıza tarix kimi bəhs edəcəyimiz bir külək idi bu əsib keçən külək. “Bir zaman bir ANS vardı” deyəcəyik.
Etiraf edim ki, son bir neçə ildə az baxırdım ANSə, ya mən böyümüşdüm, ya ANS kiçilmişdi – bilmirəm. Hər halda hər kəs və hər şey dəyişir. Indi sosial şəbəkələr tele-kanallardan daha əvvəl hər şeyi deyir insana. Amma ANSin də bağlana biləcəyini görməyim, açığı mənə sadəcə bir şeyi deyir – heç kəs və heç nə əbədi deyil!
ANS deyən kimi çox şey gələcək ağlıma, əvvəlcə isə Qarabağ – Ya Qarabağ, ya Ölüm. ANS deyəndə Marş gələcək ağlıma. ANS deyəndə işğal günlərindəki “zəminxarə” gələcək ağlıma. Doğrudur, bir teroristlə reportaj düzgün addım deyil, amma övladıma ANSdən bəhs edəndə heç vaxt Feto gəlməyəcək ağlıma. Əslində indiki bu şirin üsyanım ANSi bağlayanlara deyil, ANSin özünədir. ANS kimi bir təcrübə yığını bu səhvi buraxmamalıydı. ANSin bizi ANSsiz qoymaq haqqı yox idi. Ya Qarabağ, Ya Ölüm deyən ANSin ölümü seçməsi ağrıdır biraz.

Gələk bu məqalənin kuliminasiyasına. Hansı ki, bu boyda bir məqalə sırf bu son cümləni səsləndirmək üçün yazılıb. Bugün bu sözü çox işlətdim lakin sizi bilmirəm,amma mən  “Qarabağın qayıdış xəbərini ANSin dilindən duymağı çox istərdim” ...   

Seymur ORUC`u

Hiç yorum yok:

Yorum Gönder