Dastanlarla böyüdü, Vurğunun təsviri ilə ucaldı Azərbaycan
qadını. Amma hələ uşaq idi, onu “o” edən şeyin nə bu dastanlar, nə də onun şəninə
qoşulmuş şeirlər olduğunu bilmirdi. Hələ uşaq idi, xoşbəxtliyi gəlinlikdə,
evlilikdə görürdü balaca gəlinciyinin saçlarını hörərkən. Cəmiyyətinin - ən
yaxınlarının, dost-doğmaca atasının, anasının onun üçün hazırladıqları
mentalitet adlı oyunlarından xəbərsiz idi uşaq oyunlarını oynarkən. Namusunun
3-4 damla qanla ölçüləcəyindən də xəbərsizdi...
Amma böyüdü – bir gəlinlik və bir parça qırmızı
lent böyütdü onu. Böyüyərkən çox sual vermişdi, “görəsən öz övladlarının gözləri
önündə döyülmək necə bir duyğudur bir ana üçün?” deyə düşünürdü ata və anası öz
xoşbəxtlik oyunlarını oynarkən. Amma çox tez öyrəndi bu sualın cavabını da.
Həqiqətən, görəsən öz övladlarının gözləri önündə
döyülmək necə bir duyğudur? Anlamıram və anlamayacam da. Çünki mən bəxti gətirmişlərdənəm
– mən qadın kimi gəlməmişəm dünyaya. Mən həsrətlə yolu gözlənilən, mən abort
olunulmayan cinsin nümayəndəsiyəm. Məni heç öz gəlinciyimlə oynarkən ərə də
verməyəcəklər. Mən ailəm üçün yük kimi də görünməyəcəm heç vaxt.
Mən bəxti gətirənlərdənəm. Mən ailə başçısı olacam –
nə istəsəm haqqım olacaq! Mən evə çörək gətirəcəm – ancaq mənim sözüm keçəcək.
İndi sən, gözəl qız, mənim bir ömür yoldaşım olarsan? Gəl sənə öyrədim ki, öz
övladlarının gözləri önündə döyülmək necə bir duyğudur...
Seymur Oruc`u


Hiç yorum yok:
Yorum Gönder