Sülh inci deyil! – sadəcə incidir !
Sülh inci deyil! – sadəcə incidir...
Dünyanın başqa – çox uzaq bir yerində başqa bir millətin nümayəndəsindən soruşsanız ki, əmin-amanlıq, sülh, atəşkəs – bunlar sizin üçün nəyi ifadə edir? Veriləcək tək cavab olacaq – bunlar ən dəyərli sərvətdir. Onlara desəniz ki, əslində belə deyil, onlar sizə əvvəlcə güləcək, sonra bu gülümsəmə kinayəyə dönüşəcək və sonda o sizdən “sizin probleminiz yoxdur ki?” deyə soruşacaq. Əslində o, “problem” anlamında başqa bir şeyi nəzərdə tutmuşdur, amma əsas odur ki, problemin olduğunu artıq o da hiss etmişdir...
23 il! Bundan biraz daha artıq və ya bir az daha əksik. Bunun o qədər də fərqi yoxdur bayaqkı sualı soruşduğumuz həmin o əcnəbi üçün. Əlbəttə, həmin əcnəbi suriyalı, əfqanıstanlı və ya iraqlıdırsa, o zaman sizin əmin-amanlıq haqqında dedikləriniz onlara qarşı haqsızlıq olar, insanlar illərdir ona qovuşmaq üçün yaşayırlar. Amma bir həqiqət var ki, heç bir əcnəbiyə sizin dərdiniz maraqlı olmayacaq. Əlbəttə ki, dərdinizi soruşacaqlar, sizə yol göstərməyə, probleminizi həll etməyə çalışacaqlar, amma əgər siz müsəlman, düşməniniz xristiandırsa, o zaman halınız acınacaqlıdır. Sülhün təminatçısı olan BMT, ATƏT və digər bu kimi adı səsləndikdə yeri yerindən oynadan fövqəl-təşkilatlar işğalçıya işğalçı deməkdən çəkinəcəklər, ya da deyəcəklər, amma onu da deyəcəklər ki, “üzr istəyirik, amma gərək gözləyəsiniz ki, işğalçı işğal etdiyi torpaqlardan çıxmağa özü razı olsun”. Sizin ərazi bütövlüyünüzü tanıyacaqlar, amma həm də “xalqların müqəddaratı”-nı tanıyacaqlar, üstəlik sizin səkkiz yüz min (800.000) qaçqınınızı da ... Nəticədə sülhün təminatçılarının fəaliyyəti 20 və daha artıq il sizin fəaliyyətinizi yubatmaq, düşmənin daha möhkəm yerləşməsini təmin etmək və hər ziyarətdə yeyib-içməkdən daha sonrasına keçməyəcək. Sizin probleminiz hansısa fransız, rus və amerikan üçün iş vakansiyadan başqa bir şey olmayacaq. Əsas məsələ ondan ibarətdir ki, əcnəbi sizin dərdinizi heç vaxt anlamayacaq. Çoxlu vədlər olacaq, çox yaxınlaşacaqlar bəzən, zaman olacaq ki, “aha, bu dəfə oldu” deyəcəksiniz, amma yenə də olmayacaq...
Bu müddət ərzində Qarabağı hamilə ikən tərk etmiş bir qadının övladı böyüyəcək, əvvəlcə orta, sonra ali təhsil alacaq, təhsilini bitirib orduya xidmətə gedəcək. Bir gün, yenə adi sıradan bir günmüş kimi, hər gün öyrəşilmiş “atəşkəs” pozuntularından biri zamanı “vur” əmri veriləcək. Bu necə də gözəl əmrdir! Bu əmri verən ağıza can qurbandır.
Sanki elə bu əmri gözləyirmiş kimi o həminki oğlan döyüşə-döyüşə gedəcək, irəliləyəcək, zəfər-zəfər dalınca gələcək. Bu müddətdə,cəmi 3 gün içərisində demək olar ki, bir-birinə düşmən kəsilmiş insanlar bu zəfərlərin coşğusu ilə bir-biri ilə can deyib-can eşidəcəklər. Daha avtobus sürücüləri sərnişinlər üzərinə, sərnişinlər sürücülər üzərinə qışqırmayacaq. Küçədə hər gün görülən həminki qaş-qabaqlı insanların üzünə nur gələcək. Ölkədə kriminogen durumun səviyyəsi müsbətə doğru xeyli dəyişəcək. Orduya, idarəçiliyə inam artacaq.
Doğrudur, bu müddətdə yaranmış vəziyyətdən istifadə etməyə çalışan qüvvələr də olacaq. Sayt rəhbərləri oldu-olmadı, nə gəldi paylaşacaq, şəhid yaxınlarını və yaxını xidmətdə olan heç kəsi düşünmədən müharibədən istifadə edib İP toplayacaqlar, amma əsas o ki, müsbət şeylər çox daha çox olacaq. İnsanlar orduyla həmrəy olduğunu göstərməkçün aksiyalar təşkil edəcək, universitetlərdə mitinqlər-mitinqlər dalınca təşkil ediləcək. Hər zaman fərqli və mənasız mövzularla dolu olan sosial şəbəkələrin ana və yeganə mövzusu cəbhə olacaq, Azərbaycan dövlət televiziyası və radiosu ən çox dinlənilən və baxılan tele-radio olacaq. Ehtiyac deyilsə belə, insanlar cəbhə üçün digər zəruri şeylər – siqaret, isti corab və ülgüclər toplayacaq, bir sözlə hər kəs hansısa xidmət etməyə çalışacaq.
Çox yox 23 il əvvəlki hadisələri, məsələn elə Xocalını, düşməninin kim olduğunu unudan insanlar da olacaq. Humanistəm deyib mədəni dezertirlik edəcəklər, erməninin də anası, bacısı var deyəcəklər. Millətinin anasını-bacısını bir söyüşlə ləkələdiyini, keçmiş müharibədə erməninin onun anasına-bacısına nələr etdiyini unudan, “biz müharibə istəmirik, biz sülh istəyirik” deyən yazıçılarımız, silahları yerə qoyun deyən “qalib müğənnilərimiz” də olacaq. Amma əsas o ki, o müğənniyə cavab yazan, sən ayaqaltda dolanma, mən gedərəm yerinə, sən get mənim yubkalarımı geyin deyən kişi qeyrətli qızlarımız da olacaq. Əmin amanlıq dövründə küçədə dolaşan adi Aygünlər, Günaylar, Sevdalar və digərləri dişi canavarlara dönüşəcəklər, yaxşı lap elə Aykalar, Nurkalar da...
Və birdən Rusiya kölgə salacaq hər şeyə, Sergey Lavrovlar, hansısa vayfayştaynerlər bəyanatlar verəcəklər. 23 ildi dondurulmuş kimi baxdıqları münaqişənin əsl savaşa çevrildiyini, buzun əridiyini görən ATƏT üçlüsü – möhtəşəm üçlü üzünü Qafqaza tərəf tutacaq. Sülh deyəcək və atəşkəs olacaq. O “qurban olduğumuz” ağızlar “atəşi kəs!” deyəcəklər.
Bəs mənim bayaqki qəhrəmanım?! Axı o hələ də cəbhədədir? Yeni tutulmuş mövqelərdə yeni qazılmış səngərdən irəlilərə baxır. Orda – uzaqda işıqları görünür hansısa evlərin. Bəlkə elə o kənddi? Adını eşitdiyi, amma üzünü görmədiyi kənd bəlkə elə odur, həminkidir? Bax həmin an, dost, sülh nə almaz, nə inci deyil, sadəcə incidir! Sosial şəbəkələrdə elə açıldığı gün 100 mini adlayan Müdafiə Nazirliyinin rəsmi facebook səhifəsinə yazılan rəyləri görəndə də müharibə incidir. Sabah insanlar “əmin-amanlıq həyatlarına” geri dönəndə də sülh incidəcək. Həmin sürücü həmin sərnişinlərlə dava-dalaş edəndə də, insanların küçədə-bayırda üzlərini yenə həminki qaş-qabaq alanda da sülh incidəcək. Həmin suriyalı, əfqanıstanlı bizim əmin-amanlığımıza baxanda bəlkə də həsəd aparacaq, amma biz onlardakı savaşa həsəd aparanda da sülh yenə incidəcək.
Məsələn elə indi, Azərbaycan dövlət radisosunda bu 3 gündə çox sevdiyimiz o doğma səs bu mətni – “ATƏT atəşkəsin bərpa olunmasına görə ümidvardır, bu münaqişənin sülh yoluyla həlli üçün vacibdir” mətnini səsləndirərkən də, sülh incidir! Sən demə bu doğma səs, o qədər də gözəl deyil, hətta deyərdim ki, çox daha iyrəncmiş!
Seymur Oruc`u

Hiç yorum yok:
Yorum Gönder