Bir ölkədən bütün imidləri
üzməyin “mən nə olursa olsun, ümidliyəm” deyən birisi üçün necə ağır bir şey
olduğunu bilmirsiniz yəqin. Böyüdükcə sanki hər kəs əl-ələ verib üstünə yürüyür
ki, bütün arzularından, bütün istəklərindən, özün üçün qurmağa çalışdığın o
romantik gələcəyin xəyallarından əl çəkəsən. Bax ona görə də, Azərbaycan
adlandırdığımız bu quru parçası istedadların doğulduğu deyil, boğulduğu yerdir.
19 yaşımda, daha doğrusu
2-ci kurs tələbəsi ikən yazmaq sevdasına düşdüm. Bir neçə hekayə və şeirdən
sonra roman ideyasına kökləndim. İlk başlar çətin gəlirdi. Sanki uzaqdan çox nəhəng
görünən bir qaya parçasını götürmək sevdasıydı mənim roman yazmaq istəyim.
Gücüm nə qədərinə yetdi, bilmirəm amma, mən o qayanı qaldıra bildim. Özü də bir
dəfə də deyil... Əvvəlcə Roman Azərsoy, daha sonra Qızıl Çağ romanlarını
yazdım.
Beyninizi qurcalayıb
orada oxuduqlarınız arasında bu romanların adlarını nahaq yerə axtarmayın –
tapa bilməyəcəksiniz. Çünki siz o romanları oxumamısınız. Çünki mən artıq fərqinə
varmışam ki, yaşadığımız ölkədə əsas iş ağır qayaları yerindən qaldırmaq deyil,
onu qaldıra bildiyini insanlara göstərə bilməkmiş...
Oturub uzun-uzadı
romanlarım haqqında da yaza bilərdim. Bu romanların mənə sonda atv, azvision
kimi saytlarda məqalə yazmağa gətirdiyindən və ən əsası bu blogu bəxş etdiyindən
falan. Reklamları bitirib həqiqətlərə keçmək istəyirəm.
Məqalənin əvvəlindəki
abzasla sizə çatdırmaq istədiklərimi demək istəyirəm. Yaxınlaşdığım nəşriyyatların
bir çoxunun devizi “kitaba xidmət edirik” olsa da, elə ilk suallarında aydın
olurdu ki, dəqiq nəyə xidmət edirlər. Təkcə onu deməyim kifayətdir ki,
yaxınlaşdığım nəşriyyatların heç biri kitabın içərisində nə yazdığımı
soruşmayıblar. Təxminən dedikləri belə bir şey olub: “Kitabın ebatları nələrdir?”
(neçə səhifə, hansı ölçüdə və şriftdə?) Daha sonra az müddət gözləməyimi və
qiyməti çıxaracaqlarını. Qiymətlərin kosmik səviyyədə olmasından aydın olur ki,
kitab adından istifadə edərək biznes qurulmuşdur. Yəni mən kitabın içərisində
onların özlərini söymüş olsam, bunun bir fərqi olmayacaq. Dediyimiz məbləği ver
və söy!
Maraq üçün xaricdə kitab
məsələlərinin necə həll olunduğunu öyrənmək istədim. Xarici nəşriyyatlarda, məsələn
elə çox uzağa getmədən Türkiyədə məsələ belədir ki, nə qədər pulun olursa
olsun, kitab çapı üçün pul keçərli deyil. Kitab bəyənilməlidir və bundan sonra
o nəşriyyat hesabına dərc ediləcəkdir.
Məlumat üçün deyim ki, ölkəmizin
ən nüfuzlu nəşriyyatında da məsələ pul ilə həll olunur. Mexanizm belədir: Nəşriyyatın
rəhbərinə yaxınlaşırsan, o da səni gözəl bir xanımın yanına göndərir. Oturduğu
masasının arxasında “kitaba xidmət edirik” yazılmış xanım kitabın ebatlarına
uyğun qiymət hesablayır, amma bu dəfə qiymət dollarla deyilir. Yəni dollar
qalxsa belə qazanan Amerika və nəşriyyatımız olur. Fərqli olaraq bu dəfə xanım
belə bir şey də soruşur – kitab tərcümədi, ya öz kitabınız? ... Əvvəlcə öz
kitabımdır deyirəm, xanım standart olaraq qiyməti elan edir. Daha sonrasında
soruşuram ki, tərcümə olsaydı prosedur necə olacaqdı? Cavab belədir ki, əgər
kitab tərcümə kitabı olsaydı müəlliflik hüquqları həll edilir və sonrasında tərcüməçiyə
qonarar bağlanır. Yəni hansısa Con Qrey`in kitabı asanlıqla mənim ölkəmin nəşriyyatında
çap olunur, amma mənim kitabım yox. Bir yazıçı nə qədər aciz ola bilər ki, nəşriyyata
öz kitabını tərcümə kimi qələmə versin? Bəli, bunu mən etmişəm. Çünki bura Azərbaycandır
və buradakı nəşriyyatlar ancaq “kitaba xidmət edirlər”. Belə ki, əgər alınsa
idi, Qızıl Çağ kitabı hansısa Con Qrey`in olacaq idi və əslində müəllifi olan mən
olacaqdım kitabın tərcüməçisi. Amma çox şükr ki, alınmadı, yoxsa bundan sonra nəşriyyatlarımızı
indiki məqaləmdən daha çox biabır etmək şansım olacaqdı.
Xülasə, mən ölkəmi çox
sevirəm və gələcəyə ümidliyəm. Nə qədər çox alçaq ölkəmlə mənim arama girməyə
çalışsa da, bir gün o qələm mənim də əlimə keçəcək! Necə ki, artıq keçir də! Yəni
oxucularımız yazarlarımızdan əvvəl nəşriyyatlarımızı qınamalıdır. Çünki bütün
bu sadaladıqlarım əsasında yüzlərlə istedadlar batır, kitablar - əsl kitablar
tozlu rəflərdə unudulub gedir. Əvəzində isə pulu olan lazımsızların lazımsız
kitablar külliyyatı əsl kitab rəflərini daşırıb-doldurur və oxucular da, Azərbaycan
müəlliflərini istənilən şəkildə tənqid edə bilirlər.
Seymur ORUC`u


Hiç yorum yok:
Yorum Gönder