SEYMUR ORUC`UN RƏSMİ BLOQU`NA XOŞ GƏLMİSİNİZ!!! YAZILARLA BAĞLI FİKİRLƏRİNİZİ BİLDİRMƏKDƏN ÇƏKİNMƏYİN, LÜTFƏN

10 Ekim 2016 Pazartesi

Onlar dedilər, dedilər, dedilər...


Əvvəlcə azadlığımızı aldılar əlimizdən. Dar çərçivələrdə bir həyat vəd etdilər sağı-solu bəlli olan. Biz dünyaya gəlməmiş çəkilən sərhədləri bizə bizim sərhədlərimiz kimi sırıdılar. “Sən azadsan” dedilər o sərhədlərin çox uzağında olanlar və biz dünyaya gəldik sonrasında.
  Əvvəlcədən yazılmışdı talelərimiz alınlarımıza, davranışlarımız qəliblərimizə... Uca ssenaristi Allah olan bir həyatda bu ssenarini nə qədər yaxşı oynayırsan oyna, bütün savabları və günahları sənin boynuna yazılacaq dedi uca ssenarist.
Bizə söyüş söyməyi öyrətdilər, amma sonrasında söymə dedilər; Bizə yalan danışmağı öyrətdilər, yalançı olma dedilər; Bizə gəzməyi öyrədənlər vurdu ayağımıza ilk qandalları. Vətən anadır dedilər səngərlərin gerisində gizlənənlər, vətəni parça-parça, içdən-içdən satanlar. Pul əl çirkidir dedi əlinin çirkini pula bulaşdıranlar. Və budur həyat, çalış bizim kimi ol dedilər yaşamaq həvəsini iş-ev sistemində unudanlar.
“Qonşu nə deyəcək”, “biabır eləmə bizi el içində”, “atan bilsə, səni öldürər” həll etdi taleyimizi. Maaşımız ailə quracağımız qadının gözəlliyi ilə düz mütənasib böyüdü... Bizim buraxdığımız səhvləri buraxma dedi valideynlərimiz, hər buraxılan səhvin ardınca.
Düşmənimiz var dedilər, onlardan anlatdılar bizə bir vaxtlar düşmənlə badə toqquşdurmuşlar, qayını onlardan olanlar. Yetmədi “vur” dedilər, sonra “sus” dedilər, sonra təkrar “vur”dedilər... Silahları yandırın da deməyi unutmadılar musiqilərdə bizə Xocalını anladanlar.
Qonaqpərvərliyi sevdirdi bizə torpağı qarış-qarış qonşu dövlətlərə paylayan əskilərimiz. Tarixi anlatdı bizə dünənində rüşvəti olan müəllimlərimiz. Yaşamağın dəyərini anlatdı bizə əliqanlı həkimlər. Hüququn “qiymətini” oxudu hakimlər, polislər...
Və həyat dedi bunun adına biriləri. Kreslosunda əyləşmiş buxovlu dayılardan, skamekada gecələmiş içki bağımlısına kimi, həbsdə azadlıq istəyəndən azadlıq istədiyi üçün həbsə düşəninə kimi... Yatmağı öyrətdilər əvvəlcə şifahi ədəbiyyatları ilə, sonra yatmağın faydalarından yazdı yazarlar, dərc etdi mətbuat.

Müsəlmansan dedi Allah, gündə 5 dəfə səcdəyə getməlisən... Müsəlmansan dedi Allah, gündə 3 dəfə səcdəyə getməlisən.  Müsəlmansan dedi Allah, sən sünni, mən şiəyəm dedi insanlar. Müsəlmansan dedi Allah, xristiansan demişdi bir zamanlar...

Seymur ORUC`u



Hiç yorum yok:

Yorum Gönder