SEYMUR ORUC`UN RƏSMİ BLOQU`NA XOŞ GƏLMİSİNİZ!!! YAZILARLA BAĞLI FİKİRLƏRİNİZİ BİLDİRMƏKDƏN ÇƏKİNMƏYİN, LÜTFƏN

7 Ekim 2016 Cuma

Getmək bilməyən "yaşlılarımız"-a sualım var... Oxuyun, gənclər!


Bunu məndən daha çox siz tarixçilər yaxşı bilirsiniz ki, Avropa hər zaman indiki kimi olmayıb. Avropanın Avropa olması üçün yüz illər və yüzlərlə qurbanlar verilməli olub. Məsələn maraqlı bir rəvayətə görə bugün sizə romantizmin beşiyi sayılan Eyfel qülləsi bir zamanlar Paris əhalisinin havasını dəyişməsi üçün tikilib. Beləki, Parisdə və Paris yaxınlığında o qədər çox kömür mədənləri və sənaye tikililəri fəaliyyət göstərib ki, Parisin üzərinə tamamən çirkli buludlardan yorğan hörülüb. Yerə çökən bu çirkli havanı dəyişməkçün, əsl Paris havasını dadmaqçün də Eyfel qülləsi tikilib. Əlbəttə, bu rəvayət tamamən əsassızdır, amma sanki bu rəvayətin içində də bizim kimi hələ özünü təsdiqləyə bilməmiş millətlərə bir şüuraltı mesaj verilir: Biz bu qədər qurban vermişkən sizlər nə etmişdiniz?
“Yurdum insanı”-na mən də səslənirəm: biz bu dünyaya, bu kainata, ya da daha kiçik anlamda bu dövlətə nə vermişik ki, nəyi də tələb edirik? Avropanın həmin dönəmlərində Mirzə Cəlillər bizimkiləri cahillik yuxusundan oyatmağa çalışırdı əgər bayaqkı sualın cavabı sizi maraqlandırırsa...
Maraqlıdır, görəsən,  heç nə etmədən, heç bir şeyə cəhd göstərmədən xoşbəxtliyə qovuşmaq eyforiyamız bizi daha haralara aparacaq? Biz nə vaxt bir millət olduğumuzu dərk edəcik ki, nəhayətində bizlər də o həqiqi xoşbəxtliyi dada bilək. Və sizlər bu qədər böyük şeylər tələb edərkən  “birimiz hamımız, hamımız birimizçün” prinsipi ətrafında birləşmiş xalqlardan, məsələn elə ermənilərdən daha yaxşı rifah halına sahib yaşamağımız haqsızlıq sayılmazmı, əgər haqqı bu qədər çox sevirsinizsə? Əlbəttə,  bu tələbiniz nə qədər qeyri-real görünsə də, gözəl  yaşaya bilərik, amma o da yalnız 2005-2014 aralığındakı 10 illik kimi olacaq-birdən yüksələcək və bir gün birdən dəyəcəyik yerə, məsələn təxminən indiki kimi...
Avropa oyunları zamanı çoxları deyirdi ki, çökəcək ölkə. Nə qədər yerli və iqtidaryönümlü mətbuat ekranlarda və saytlarda zurna-qavallar ifa etdirsələr də, nə qədər “mavi”-lər bu günün fenomenlərinə çevrilmiş olsalar da, kanallar bağlayıb fikirləri yayındırmaq zahirən tutmuş oyun kimi görünsə də, ən sadə insan belə, hətta balaca uşaq belə boğazından ən az iki dəfə kəsildiyini hiss etməkdədir. Əlbəttə, bizi bugünə qoyan zehniyyət problemli zehniyyətdir, bütün yanlışların, əsas da idarəetmədəki yanlışların nəticəsidir bu son durum, amma əsas problem bütün bunların kökündə dayanan “orta statistik azərbaycanlı” düşüncəsidir. Əgər həqiqət duymaq arzusundasınızsa, mən Avropa oyunları zamanı Bakı Olimpiya Stadionunun çökməsini arzulayan onlarla azərbaycanlı görmüşəm, siz hansı həqiqətdən danışırsınız?
Yəni həqiqətəndəmi dövlət malı sizin üçün bu qədər önəmsizdir və siz bu qədər dar düşüncə sahibiykən həqiqətəndəmi ciddisiniz ki, rahat həyat yaşamaq istəyirsiniz? İşə düzələrkən azmı “çak-çuk” düşünmüsünüz, yaxşı bəs fərqindəsinizmi yuxarılarda dolaşan milyardlarla rüşvətin, məmur özbaşınalıqlarının əsasında sizin o “çak-çuk”-larınız dayanır? Həm də sizlərin bitib-tükənmək bilməyən bu tələsməkləriniz...
Məsələn ən adi bir nümunəninin ucunun hara gedib çıxacağını təsvir edim sizinçün – sizlər hər gün istifadə etdiyiniz marşurutlarda azmı şahidi olmusuz “şofer (sürücü), görmürsən doldu avtobus, sür də birbaşa!” tələbinin. Yaxşı bəs o tələbi edən sizlər bir dayanacaq əvvəl zatən indiki dolmuş avtobusa minməmişdinizmi? Nə tez dəyişir düşüncələriniz? Avtobusun çölündə bir cür, içində başqa cür necə olur ki, düşünürsünüz? Sizin tələsdiyiniz kimi, addımbaşı sürücünün saxlayıb topladığı digər sərnişinlər tələsmirmi? (eyni halı metroya da aid edərək) Ya bəlkə siz o avtobusdan düşüb hansısa vacib məsələni – məsələnin ölkənin iqtisadi çöküş problemini həll edəcəksiniz? Siz bu düşüncənizlə bugün vəzifədə oturanları söyərkən, sabah vəzifədə otursanız eyni şeyləri təkrarlamayacaqmısınız? Əvvəlcə oğlunuz, sonra bütün şəcərənizçün yer etməyə çalışmayacaqmısınız?
Mənə görə vəzifəli şəxs rüşvət alırsa, onun “fahişə”-dən heç bir fərqi yoxdu... yaxşı bəs, namusdan bu qədər dən vuran sizlər (əlbəttə, ona da bir gün pis toxunacam) son nəticədə fahişə olmağımı arzulayırsınız? Əgər ki, rüşvətə bir ənənə kimi baxırsınızsa, o zaman indi o bir gözlü evlərinizdəki, o yeraltı metrolarınızdakı üsyanlarınız nəyədir?
Bu yazıda çox sual verdim... Məncə bu qədəri kifayətdir. Ən azından, yüz illərdir bu suallara cavab tapa bilməyən yaşlı nəsillərimiz bu qədər sualı oturub bir düşünsə yaxşı olar. Nəsihət vermək, yaşca böyük olmaq gözəldir əlbəttə. Yaşınıza uyğun hörmət tələb etməyiniz də normaldır əlbəttə. Amma bir dönün və geriyə baxın. Bu qədər pislədiyiniz gənc nəsilin belinə hansı yükləri yükləyərək bu dünyadan cəhənnəm olacağınızı da bir düşünün. O möhtəşəm tarixinizi, Səfəviləri ağız dolusu anladarkən, bir də bugün qoyub gedəcəyiniz Azərbaycanı bir düşünün! Qarabağ problemini, ənənəyə çevirdiyiniz rüşvəti, monopoliyanı və digər hər şeyi və “gözəl susmaq” strategiyanızı bir düşünün! Həyatınız boyunca tələsdiniz, metronun eskolatorlarında belə tələsirsiniz, bircə təqaüdə çıxıb bu yazıq gənc nəsilə də iş yeri qoymaqçün tələssə idiniz...


Seymur ORUC`u

Hiç yorum yok:

Yorum Gönder