Deyir acların halından anlamaq üçün, onların nələr
çəkdiyini bir nəbz də olsa bilmək üçün oruc tutmaq gərək. Ac qaldığınızda bədəninizdə
baş verən fiziki sağlamlaşdırma prosesi bir kənara, siz həm də bununla öz nəfsinizi
sınağa çəkmiş olacaqsınız. Oruc da Allaha bir çox ibadət kimi, sırf onun şəninə
ibadətdən daha çox qullarını sınaqlandırmaq, onları xeyrə dəvət etmək, pis əməllərdən
çəkindirmək kimi xüsusi gözəlliyə sahib bir nemətdir. Necə də gözəl ibadət
üsuludur, elə deyilmi? Ac qalaraq xroniki aclıq keçirən birilərinin nələr çəkdiyini
hiss etmiş olur, bununla da siravi gündə şikayətlər yağdırdığınız həyatınızla
bağlı bir ay şükr edirsiniz. Həmçinin bu ayda fitrə, zəkat kimi xüsusi ibadətlər
də var ki, bunlar xüsusən təqdirəlayiqdir. Bu ibadətlər bir daha sübut edir ki,
İslamın inanışa çağırdığı Allah – digər yaradanlardan fərqli olaraq, sadəcə
özünətapınmağa deyil, insanlara xeyirxah əməllər etməyə də səsləyir.
Yaxın bir
dostumun gözəl bir sözü var, deyir ki: sən sabahı imsakla orucunu tutub, axşamı
iftarla orucunu açaraq əsla acların halından anlaya bilməzsən! İndi bu cümlənin
kökünə enək - əvvəla heç bir “ac” bir də nə zaman yemək tapa biləcəyini heç
zaman bilmir. Bu yediyi son yeməkdirmi, yoxsa bundan sonra yenə nəsib olacaqmı
yemək, bunu bilmir. Oruc tutaraq acların halından anladığını düşünürsənsə, sadəcə
özünü aldatmış olursan. Əlbəttə, onun sənə vermiş olduğu fiziki acını duyursan,
amma əsas olan odur ki, sən iftarın nə zaman olacağını, daha doğrusu axşama yemək
tapacağını dəqiq bilirsən. Acların halından anlamağın ən kəsdirmə yolu aclıqdan
ölməkdir ki, bacarırsansa bunu et!
Kökləri hələ İslamdan daha əvvələ dayanan oruc ibadətinin
ən əsas xidməti nəfsini sınağa çəkməklə sınaqlandıraraq Allaha ibadət etməkdir.
Yəni “ey Allahım, sənin yolunda nəfsimə sahib çıxır və oruc tutaraq sənə ibadət
edirəm!” Azərbaycanda son statistik hesablamalara əsasən doqquz milyon yeddi
yüz mindən bir qədər daha artıq əhali yaşayır. Sadə bir sual verəcəm: bu qədər
insanın 100-də neçəsi Ramazan ayını qoyaq bir kənara, digər aylarda öz nəfsini
yetərincə təmin edə bilmişdir? Bu insanların neçəsi ayın sonunu necə gətirəcəyi
hesabından kənardadır. Bu günə yemək tapdım, sabaha Allah Kərimdir deyən neçə nəfər
yaşamaqdadır? İntihar körpüsü niyə var? Niyə bir Qarabağ əlili öz övladlarının
gözü qarşısında özünü yandırır? Yəni bizlər – Azərbaycan insanları öz nəfsimizi
digər 11 ayda təmin edə bilirikmi ki, 12-ci ay bundan rəvac verir və nəfsimizi
saxlamaqla Allahımıza ibadət edirik? Sizə elə gəlmirmi ki, biz zatən bütün il
boyu nəfsimiz barəsində Allaha yetərincə ibadət etməkdəyik?
İslam həqiqətən mükəmməl dindir. Oruc tutmaq, namaz
qılmaq, fitrə-zəkat verməklə Allahına bağlı olduğunu nümayiş etdirmək olduqca
gözəldir. Amma bütün il boyu istənilən növ yanlışa yol verib sadəcə bir ay pis əməlindən
kənar qalmaq – bunu nə qulu, nə də bəndəsi qəbul etməz. Normal gündə 2 çörəklə
yetinən bir ailə oruc zamanı 3 çörəklə kifayətlənə bilmirsə də bunun adı ibadət
deyildir. Təkrar az öncəki cümləyə geri dönərsək əgər, oruc tutduğunu nümayiş
etdirmək də heç bir ibadətdən deyil! Ramazanda içki içmək, günah işləmək,
küsülü qalmaq olmaz deyərkən də, bu qadağaları qoyarkən də diqqətli olmaq gərəkdir,
çünki insanlar yanlış anlaya bilərlər. Diqqətlə deyilən cümlələrə təkrar nəzər
yetirdiyinizdə bir də görəcəksiniz ki, bu yasaqlar ona işarə etməkdədir ki, 11
ayın sultanında bunları etmək olmaz, amma digər aylar sərbəstsiniz. Yəni deməyim
o ki, ibadət edirəm deyərkən, özünüzü aldatmaqdan, ərtrafınızı aldatmaqdan,
Yaradanınızı aldatmağa çalışmaqdan çəkinin, hörmətli inanclılar! Çünki əks təqdirdə,
11 ayın sultanı yurda xeyr-bərəkət deyil, sadəcə acı hüsran, kədər və göz yaşı
gətirər ...
Uşaqlar daha təmizdir, safdır dərlər. Eləysə, son
olaraq bu dioloqun şahidi olan məni indi daha yaxşı anlayacaqsınız:
- Ata, Ramazan bayramı acların bayramıdı?
- Yox əlbəttə, niyə ki, gözəl bala?
- Axı hamı ac qalır? Anam, sən, nənəm...
- Acların halından anlamaq üçündür bu, gözəl balam.
- Onda olmazmı ki, siz bir ay ac qalmaq yerinə, ac
kim varsa, onları doydurasınız? ...
Bayramınız mübarək, əziz aclar! Bu bayram möminlərin
olduğu qədər, həm də sizin bayramınızdır.
Seymur ORUC`u izlə:
Əziz oxucular, sizin fikirləriniz mənim üçün olduqca dəyərlidir. Oxuduqdan sonra rəyinizi lütfən əsirgəməyin! Dəstək olduğunuz üçün minnətdaram, təşəkkürlər.


Hiç yorum yok:
Yorum Gönder