Salam Şaxta baba, yoxsa Santa Klausmu deməliyəm. Sənə
yazdığım son məktubumun üstündən çox illər ötür. Düzdü, o zaman yazdığım məktubu
cavabsız qoymamışdın, düzdü artıq bilirəm ki, əslində onu sən gətirməmişdin mənim
üçün. Düzdü “səndən pultlu maşın istəyirəm və bundan başqa daha heç nə istəməyəcəm”
demişdim axırıncı dəfəsində, amma insanıq da – mən nə eləyə bilərəm ki?
Şaxta baba,
bu dəfə istəyim biraz fərqli olacaq. Bu dəfə nə pultlu maşın istəməyəcəm səndən,
nə qonşunun mənə sataşan uşağını vurmaq üçün möcüzəvi güc, nə məktəbdən daha
çox tətil, nə də bu tip uşaqca olan heçnə. Səndən iş istəyirəm, Şaxta baba! Uşaqlar
üçün aparacağın hədiyyələri bükə bilərəm – məsələn, ya da arabanı təmir edə bilərəm
əgər nəsə problemi yaranarsa, ya da ... ya da bəlkə bir illiyinə sənin yerinə
keçə bilərəm. Maaşın nə qədərdi, Şaxta baba? İş saatlarını soruşmayacam – bu
anlamda çox bəxtəvər olduğunu bilirəm. İldə bir günlük əziyyətdi, maaşı nə qədərdisə,
razıyam. Ya bəlkə sən də bizimkilər kimisən? Hə, elə sən də onlar kimisən. Mən
səni tanıyandan bu yana eyni işdəsən, bəlkə elə kreslonda ölmək niyyətindəsən, ya
bəlkə sən də öz övladını hazırlaşdırırsan yerinə keçməyə? Bəlkə qardaşoğlunu? Bəlkə
dostunun oğlu olacaq növbəti Şaxta baba? Bəlkə, yaxşı tanışlıq lazım deyil də,
pul lazımdı yerinə işə düzəlmək üçün? De, sənə verəcəyimi neçə ilə çıxarda biləcəm
işdən? Çax-çux varmı, çax-çux? Baxma! O qədər hədiyyə gəlib-keçir əlindən, necə
ki, biri səhvən Laplandiyadakı bank hesabına düşə bilməsin? Nəysə e, baba, heç
olmasa Şaxta baba kimi vəzifəni yerinə yetir və diləklərimi qəbul et! Bilirəm,
bugün çox sual verdim, amma son bir şey
- bəlkə sənə də öz işini icra etməyin üçün nəsə “hörmətdən-zaddan” eləmək
lazımdı?
Şaxta baba, əvvəlcə səndən ermənilər üçün çox gözəl
mənzərəli torpaq arzu edirəm. İçində də çoxluca köhnə alban xaçları olsun ki,
onlar elə bilsinlər ora da onlarındı, bəlkə elə olanda “böyük ermənistanlarını”
başqa yerdə qurmağa çalışarlar, bizim də canımız rahat olar. Bizim torpaqları
da öz xoşlarına boşaldıb gedərlər, yoxsa bizimkilərin geri qayıtmaq niyyəti deyəsən
yoxdu... Sonra, baba, sonra səndən yeni bir din və yeni bir peyğəmbər istəyirəm
– bütün insanları öz dininə puluyla çağırsın. O zaman canımız bəlkə qurtarar bu
məzhəb, din savaşlarından, terrordan. Bəlkə qəzet manşetləri Suriyadan,
Əfqanıstandan daha az yazarlar o zaman. Baba, səndən park istəyirəm – üstündə
heç kimin adı olmayan, “sadəlik gözəllikdir” deyən, pafosdan kənar, reklamsız-kəlamsız
park. Beş milyon yazılıb yüzminə düzəldilənlərdən yox ha, beş min yazılıb beş
minə düzəldilənindən, içində ağac görə biləcəyim, “otları tapdalamayın” deməyən
parklardan. Səndən yeni bir manat istəyirəm, baba. Bizi ağlar qoyub adı yeni
olan, özü isə yeni mitili çıxmış olanlarından yox, “yeni manat”.
Ya da Şaxta baba, sən boş ver Qarabağı da, kreslonu
da, manatı da, işi də. Sən ən yaxşısı mənə dollar ver – yaşıl-yaşıl, par-par
olanlarından – bankların satmadığı dollarlardan. Bilirəm, yenə uşaqca oldu istəyim
bəlkə də, amma sən mənə dollar ver, mən hər şeyi yoluna qoyacam. Kreslodu –
alacam, oturacam, kök-budaq atıb yaşlanacam, tabutumu oradan qaldıracaqlar, bəlkə
heykəlimi də elə onun üstündə qoydular. Kreslonun qiymətindən geri qalan qəpik-quruşa
da bir iki millət vəkili alıb milləti onların adından ələ saldıraram, ölənə
kimi kreslodan oturub baxıb, gülüb, şellənərəm. İşdi, nəyimə gərəkdir ki, işləmək,
iş də dolların üstündə qurulmayıbmı? Manatdı – manatı neynirəm ki, heç yenisi də
lazım deyil. Özümün dolları olandan sonra millətin cibini günü-gündən yandıran
manat nəyimə lazımdı, ya da nəyimə lazımdı ki, millətin cibi yanır, millət
acdır. Parkdır, parkı neynirəm, guya bilmirəm ki, parklar dollarlılar büdcəni
boşaldıb dolların artırsın, kasıblar da təqaüdə çıxıb skamekasında əyləşsin deyə,
ya da aclıqdan qarnı quruldayan cavan oğlan qaranlığına qız gətirib öpüşsün deyə
yaradılıb. Uzaq başı, çox istəsəm mən də savabına birini tikdirərəm on milyona,
içinə doxsan minlik ayaqyolu tikdirərəm, sonra da millətə deyərəm ki, əlli
milyona tikdirmişəm, savabım daha da artar. Dindi – dollarlının hansında iman
var ki? Öz millətim vecimə olmayandan sonra heç Suriyanınkı da vecimə olmayacaq
hər halda. Qarabağa gəlincə - açığı Qarabağı da, erməniləri də unudaram ən pis
halda. İtirəcəyim tək şey Qarabağda villalarımın olmaması olacaq.
Şaxta baba, sən ən yaxşısı mənə elə dollar ver. Həm
sənin postundan gözümü çəkmiş olum, həm də bütün arzularımı reallaşdırım. Mənə
dollar ver, başqa heç nə istəməyəcəm.
Seymur ORUC`u


Hiç yorum yok:
Yorum Gönder