Biz istəsək də, istəməsək də din həyatımıza bir
yerlərdən mütləq öz təsirini göstərir. Xüsusən, həyatımın bu son və ən hərəkətli
1 ilində bunu şəxsən özüm aydınca hiss etmişəm. Mən nə qədər “gəlin elə edək
ki, müqəddəslər sevdiklərimizlə aramıza girməsin” dedikcə, bacardığım qədər
sevdiklərimlə arama müqəddəsləri salmadıqca, onlar daha da çox üstümə gəlirlər.
İstər təhsil həyatımda, istər iş həyatımda, istərsə də yaradıcılıq həyatımda.
Onlar mənimlə elə davranırlar ki, sanki mən bu dünyaya göz açmamışdan hələ lap əvvəl,
Allaha, onun göndərdiyi dinlərinə və kitablarına inanacağımla bağlı hər hansısa
bir müqaviləyə qol çəkmiş və yalnız bundan sonra yaşamaq hüququ əldə etmişəm.
Lakin, bəlkə də normaldır bunu xatırlamamağım, ancaq mütləq qeyd etməliyəm ki,
dostlar, mən belə bir müqaviləyə qol çəkməmişəm. Ümumiyyətlə, üzülərək qeyd etməliyəm
ki, sizlərin heç biriniz belə bir müqaviləyə qol çəkməmisiniz.
Bacardığım qədər bu tip mübahisələrə girişmək istəməsəm
də, bu mübahisələr haradansa bir yerlərdən peyda olur və mənimçün önəmli olan
dostlarla söhbətləşməklərimin arasına girir. Və adətən, belə mübahisələrin sonu
incikliklərlə bitir. Qəribəsi də odur ki, bütün bu söhbətlər zamanı ələ
salınan, tənqid və hətta, təhqir olunan da mən oluram, incinilən də mən oluram
və sonrasında üzr istəməli olan da yenə mən oluram.
Hə, əgər üzr istəmək lazımdırsa, türkünsözü,
peşibaşından hamınızdan üzr istəyərək deyirəm ki, mən sizin inandığınız Allaha
inanmıram. Bu hərəkətimlə nə sizin şəxsinizi, nə sizin inancınızı, nə də sizin
Allahınızı nə təhqir etmir, nə də ələ salmıram. Elə sizin dinlərdə də deyildiyi
kimi, “hər qoyun öz ayağından asılır”. İnanmıram, bunun savabı varsa o mənimdir,
günahı varsa, o da mənimdir.
Bu yazıyla digər inancsızların etdiyi kimi öz tərəfimi
və öz şəxsimi inananların önündə nə alçaltmaq, nə də acındırmaq fikrim var.
Dediyim kimi, inanacağımla bağlı heç bir allahın qarşısında heç bir öhdəlik
götürməmişəm.
Bu yazının öz məqsədi var və inanın ki, bu məqsəd nə
sizə kafir başı kəsib qatil olmağı, nə qadınlarınızı tarlalarınız hesab etməyi,
nə də sonuna qədər inanacağınız təqdirdə cənnətdə huri və ya qılman alacağınızı
vəd etmir. Əgər, ağzınızdan su axa-axa yaxşılıq edənlərin tərəfindənsinizsə,
yaxşısı budur, indidən bu yazını hansı cihazdan oxuyursunuzsa, bir “geri” düyməsi
verib özünüzün həyatlarınıza qaldığınız yerdən davam edin. Yox əgər, içinizdə
bir yerdə insan yaşadığını hiss etmisizsə, insana bir qul olmaqdan əvvəl, insan
olmağın vacibliyini dərk etmisizsə, o zaman da bu yazıya hansı cihazdan
baxırsızsa, mümkün qədər onun ayarları ilə oynamayın.
Həyatımda çox insan tanımışam. Elə də uzun və keşməkeşli
bir həyatım olmayıb hələ ki, ancaq çox insan tanımışam. İnsanları görən kimi,
ilk məqsədim onları soyundurmaqdır. Bəli, doğru eşitdiniz – soyundurmaq. İstər
qız olsun, istər oğlan olsun, yaşlı, qoca, uşaq, lap elə ermənilər kimi heç bir
fərq qoymadan, ancaq onlardan fərqli olaraq sadəcə soyundurmaq. Yaşadığı il nə
qədərdirsə, o qədər il əvvələ gedib o insana lap başlağıcında baxmaq istəmişəm.
Saytlarda haqqında oxuduğum manyaklardan tutmuş həyatını Allaha qurban vermiş
rahib və rahibələrə kimi. Onların hamısını soyundurmaq, bütün bu illərin onlara
məcburən ya da könüllü şəkildə geyindirmiş olduğu fərqli rənglərdə qiyafələrini
soyundurmaq istəmişəm. Bütün bu fərqliliklərin içərisində, istər aqnostik, istər
teist, istər deist, kim olursa olsun, sən və mənim aramda olan o tək oxşarlığa
kimi soyundurmaq.
Çılpaq ikən necə də acizik. Bütün bu kəşf etdiyimiz
qüdrətlərimiz, qurduğumuz dövlətlər, uydurduğumuz bayraqlar, aldığımız kreditlərin
bizi məndən daha çox soyundurmağa çalışan o faizləri, göydən endirdiyimiz bütün
o kitablar – onlar yox ikən, nə qədər aciz, gücsüz, yazıq biriləri imişik. Əlbəttə,
böyük bir cəngəlliyin ortasında, ya da aslanların arasında saffari gəzintisi edərkən,
əlinizdəki silahla altınızdakı cipin şüşələrindən o aslanlara baxmaq necədə
asandır. Bir anlıq o cipin və o silahın, əyninizdə yenə sizlərin yaratmış
olduğu bilmirəm nə qədər dollara aldığınız o paltarın yox olduğunu və yenə o
aslanla üz-üzə qaldığınızı xəyal belə etmək istəmirəm. Bax, sizin uydurduğunuz
hər şey, əslində, elə bundan ibarət deyilmi?
Sizin mənə təlqin etməyə çalışdığınız inanclarınız
bir heyvansevərin heyvansevərlərlə dolu bir yığıncaqda önünə gələn ət şorbası qədər
gülməli deyilmi? Düzü, buna da bir çarə tapıb bəziləriniz vegeterianlığı
uydurdunuz. Heyvanları yeməkdən imtina edib ancaq ot yediniz və bununla guya
sizinlə eyni genetikanı və təbiəti bölüşən heyvanlara yaxşılıq etdiniz. Ancaq sizin
yeməli olduğunuz heyvanları yemiyib, ot yeyərək yenə o otlarla qidalanmalı olan
neçə heyvanı aclıqdan öldürdüyünüzün fərqində də deyilsiniz.
Bütün o dinlərinizi biranlıq, Tanrınız bunun fərqinə
varmadan, bir neçə saniyə üçün bir kənara qoyub özünüzə güzgüdə baxmağa gücünüz
çatıbmı görəsən? Aldığınız rüşvətlər, səhvlərinizlə öldürdüyünüz xəstələr, heç
nə bilmədən öyrətməyə çalışdığınız şagirdlər, Quranı açıb talelərini üzlərinə
dediyiniz sizə imdad üçün gələn o insanlar, içdiyiniz içkilər, çəkdikləriniz,
dünən neçə qadının arxasına baxdığınız, neçə qadınla etdiyiniz qeybətlər,
dediyiniz yalanlar, içdiyiniz andlar, etdiyiniz tövbələr, hamamda özünüzlə
yalnız qalmaqlarınız, bu vaxt beyninizə gətirdiyiniz üzlər, iki gün əvvəl
sosial şəbəkədən tapdığınız qızlar (oğlanlar), yoldaşınızla xoşbəxt ola bilməməyiniz,
boşandığınız ərinizi hələ də sevdiyinizi etiraf edə bilməməyiniz, valideynlərinizə
gizlin-gizlin bəslədiyiniz kin, ya da avtobusda ağlayaraq başınızı aparan körpəni
boğmaq istəyi, metroda sizi narahat edən insanın üzünə endirmək istədiyiniz zərbə,
bütün bunlardan hansı gəlir ağlınıza? Düzünü deyin, özünüzlə səmimi olun! Bu
yazının sırf bu hissəsini oxuyarkən hansı faktlar üzünüzü güldürdü, ya da
qızartdı?
İndisə qaldığınız ev bina evidirsə, bir zəhmət
yerinizdən dikəlib evinizin balkonundan aşağı baxın. Ağlınıza “insanın taleyini
Allah yazıb” fikrini gətirə-gətirə həm də. Balkondan aşağı baxın, qorxmayın, əgər
bura kimi yaşaya bilmisizsə, onsuz da özünüzü oradan atmağa gücünüz çatmayacaq.
Sadəcə düşünün, nə qədər də yüksəkdi, elə deyil? Burdan düşsəz, yəqin taleyiniz
nə olursa olsun, öləcəksiniz. Qos-qocaman bir yoxluq. Heç bir hiss olmayacaq!
Sizə doğru dediyimi heç bir şəkildə sübut edə bilməyəcəm. Amma əgər, sizinkilər
həqiqətdirsə, sizə yalan dediyim üçün o biri dünyada boğazımdan yapışmaq
imkanınız olacaq. Görün, nə qədər böyük bir risqin altına girirəm. Mən yox, mənim
kimi, onlarla, yüzlərlə, minlərlə və milyonlarla, tələsməyin, hətta
milyardlarla insan var və hər keçən gün biraz daha artırlar. İndi tək-tükük,
bizi asanlıqla əzə bilir, yıxa bilir, ələ sala bilirsiz. Daha neçə
milyonlarınız mənim kimi düşündüyünüzü hələ etiraf edə bilməmisiniz. Amma bir
gün sizlər tək-tük qalacaqsız. Qorxmayın, biz Allahsız da yaxşılıq etməyi
bacara bildiyimiz üçün dünya indiki qədər bir də heç vaxt pis olmayacaq.
Siz və Allahlarınızın dünyanı hansı hala gətirdiyinə
pəncərənizi açıb baxa bilərsiz. Myamnarda neçəniz öldüz? Nəyin uğruna, kimin
uğruna? Hansınız kömək ola bildiniz onlara? Gözünüzün qarşısında baş verdi hər
şey, hansı biriniz mənim kimi rahat yerinizdə oturub cihazınızla paylaşdığınız
postdan başqa nəsə bir şey edə bildi? Ya da Tanrınız nə etdi? O biri dünyaya
qaldı yenə?
İndi düşünün! Bizim aramızda hansı bir fərq var ki?
Cənnət üçün etdiyiniz bütün o yaxşılıqlar, bütün o ibadətləri mən etmirəm. Mənim
etdiyim bütün yaxşılıqlar, əgər varsa, dəqiqdir ki, cənnət üçün deyil. Çətin də
olsa, düşünün! Hansımız daha yaxşı insanıq? Ya da hansımızıq insan?
Seymur ORUC


Hiç yorum yok:
Yorum Gönder