SEYMUR ORUC`UN RƏSMİ BLOQU`NA XOŞ GƏLMİSİNİZ!!! YAZILARLA BAĞLI FİKİRLƏRİNİZİ BİLDİRMƏKDƏN ÇƏKİNMƏYİN, LÜTFƏN

17 Temmuz 2016 Pazar

Sənin ordun - mənim ordum, mənim ordum - öz ordum! Saman alovuna bənzər gündəmimiz ...


... Özünü “bir millət – iki dövlət” şüarına həddindən çox – fanatik şəkildə inandırmış, dəqiq olaraq nəyin olub-bitdiyindən xəbərsiz “millətçilərimizin”  az qala “Turan qurulur” sevinci ilə sevinməsinin qarşısı alındı bir gün öncə. Bəli, düzgün anladınız, bu yazıda söhbət Türkiyənin tarixi “Demokratiya günü”-ndən gedəcək, o tarix ki, bircə gündə yaşandı və tam da gözümüzün önündə yaşandı.

Etiraf etmək istəyirəm ki, mən də qüdrətli TRT ekranında o sarışın qadının bir qədər qədim türkçədə nələrsə və sonda “TSK yönetime el koydu” (“Türkiyə Silahlı Qüvvələri idarəetməyə əl qoydu”) dediyini duyduqda belə bir tarixə şahidlik etməyin qürurunu yaşayırdım. 22 yaşlı bir gənc olaraq, illər öncə Azərbaycandakı azadlıq hərəkatlarını, qiyamları görməmiş biri olaraq ən azından bu hadisənin müşahidəsilə anlamağa çalışırdım ki, görəsən belə hadisələr necə baş verir? Xüsusən də, 21-ci əsrin ikinci onilliyinin yekunlarında...
TSK (TSQ) kimi təqdim edilən bir qrup əskər və zabitlər, müasir silahlarla, hərbi texnikalarla silahlanıb yolları kəsir, üstəlik bu 20 Yanvar-Azadlıq prospekti yolu yox, Avropa-Asiya yoludur, dünyanın ən böyük asma körpülərindən biridir. Əvvəlcə TSK kimi təqdim edilən bu qüvvələr sonradan qiyamçılar adlandırıldı (əlbəttə, nəticədə hər zaman məğlub olan tərəf mühakimə edilir – red). Hansılar ki, bu qiyamçılar Türkiyə Böyük Millət Məclisini, Cümhurbaşqanının qonaqlandığı oteli, Milli İstiqbarat Təşkilatı binalarını bombalayacaq, TRT kimi dövlət, Kanal D, CNN TÜRK kimi reytinqli ulusal və xəbər kanallarını tutacaq qədər gözü kor olmuşdu.
Bunlardan çox daha danışmaq istəmərəm, çünki hal-hazırda Türkiyədə adətən seriallarına baxmağa öyrəşdiyimiz kanalların bir çoxu zatən bunları deyir. Ya da mən politoloq deyiləm ki, oturum bunun bir oyun olduğunu, Ərdoğanın bununla nüfuzunu birə-beş artırdığını deyim. Bunu məşhur bir filmdəki əvvəlcə şüşəni sındırıb, sonra xızır kimi yetişən şüşəsatanın hekayəsinə oxşatmaq da istəmərəm. Bu möhtərəm oyunla nəhayət ki, TSK-nın müstəqilliyinə, hakimiyyətə itaətsizliyinə son qoyulacağına nail olunmasını, Türkiyə hakimiyyətinin nəhayət ki istədiyi idarəetmə modelinə, anayasaya qovuşmasına nail olacağını da demək istəmirəm. Çünki mən politoloq deyiləm. Amma bir şey var ki, mən kor da deyiləm...
Məni bu durumda daha çox bizim insanların halı narahat edir. Sanki Azərbaycan insanı Türkiyə vətəndaşından daha çox acıyır TSQ-nın halına. Əvvəlcə bir şeyə aydınlıq gətirək ki, əziz millətçilərimiz, orada tankları küçələrdə insanlar üzərindən sürən, yol kəsib “vor-zakonluq” edən, helikopterlə TBMM-i bombalayan qüvvələr qiyamçılardır, TSQ deyil. Bilirəm, inanmaq istəmirsiniz, amma onu da deyim ki, bunu bəyan edən insan mən deyiləm, TSQ-nın başçısı – Gənəlkurmay başqanıdır. Yenə də inanmaq istəmirsinizsə, məsləhətim budur ki, gedin müayinə olunun. Ən azından kimin TSQ, kimin qiyamçı olduğunu Gənəlkurmay Başqanından daha çox bilə-bilməzsiniz.
Amma gəlin bir şeyi etiraf edək ki, biz TSQ-nın imicinin sarsılmasından Türkiyə türklərindən daha çox üzülürük, çünki onlar bizim ümid yerimizdir. Hər halda hərbi xidmətə “dembil” olub “maladoy” (güclü olub gücsüzü) döyməkçün gedən bizlər belə də etməliyik. Sadəcə bizim deyil, bütün türklərin pənah yeridir, qürurudur Türkiyə Silahlı Qüvvələri.
Etiraf etməliyəm ki, mən də millətçiyəm, amma millətçiliyim sizin qədər deyil deyə üzr də istəyə bilərəm. Məsələn mən o qədər az milltəçiyəm ki, utanmasam təklif edərəm ki, o məşhur “bir millət iki dövlət” deyimini, “bir millət yeddi dövlət”-lə dəyişmək lazımdır. Amma hər halda qəbul etməyəcəksiniz. Nəticədə zəif Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistanı qürurlandırmaq əvəzinə, sadəcə Türkiyəyə yaltaqlıq eləmək daha çox qürur gətirəcək bizə. Baxaq, əgər Türkmənistanın və ya digər gücsüzlərin də serialları qüvvətlənsə, bir-iki samballı müğənniləri peyda olsa, silahlı qüvvələri güclənsə, bəlkə onda onların da sayını bu şüara daxil edə bilərik.
Normal olaraq soruşacaqsız ki, bu səni incidir? (dilimiz o qədər mükəmməl işlədilir ki, bu sualımdan da ədəbsizlik tuta bilərsiz, o sizin öz düşüncənizə qalıb). Etiraf etməliyəm ki, incidir (yenə də eyni). Amma daha çox bizim zəif iradəmiz, özümüzü gücsüz kimi göstərməyə çalışmamız, hər zaman “Ağabeyə kiçik qardaş”, iki tərəfdəki üçüncü kimi göstərməyimiz incidir məni. Öküz ölən kimi ortaqlığımızın bitməsi incidir məni. Şüurumuz, düşüncə tərzimizin primitivliyi, hadisələrə yanaşma aspektimizin azlığı, sürü ideologiyamız incidir məni. İdeologiyasızlığımız incidir məni. Bugün bizi bir xalq edən yeganə qüvvə, həqiqət burasıdır ki, Qarabağ problemidir. Mən qorxuram ki, biz bu ideologiyasızlığımızla problem həll olunandan sonra ermənilərdən yenə qız alıb-qız verəcəyik. Çünki tez unuduruq!
Elə bu yazının yazılmasında da məqsəd bu cümlə idi - “biz tez unuduruq” cümləsi. Alovumuzun saman alovu olmasıdır bu. Bugün bütün sosial şəbəkələrin ana səhifəsi məhz bununla çalxalanır – Türkiyə hadisəsi ilə. Dünən isə ayağı səhv kəsilmiş qadının xəbəri, ondan əvvəlki gün aprel hadisələri, ondan əvvəlki gün neft yatağındakı qəza, ondan əvvəl yanan bina və s. Gördüyünüz kimi bizim gündəmimiz çoxdu. Bu ölkədə hər gün haqqında bir politoloq ədası ilə, bilir və düşünür kişi tövrüylə mülahizələr yürütülməsi sanki zəruri olan çox hadisələr yaşanmaqdadır. Bizim sosial şəbəkələrimiz qeybət ortamından daha artığı deyil. Bizim inqilabımız da, sevincimiz də, kədərimiz də məhz burada yaşanır. Əslində problemin Türkiyə hadisələri, ayağı səhvən kəsilən qadının faciəsində və s. deyil də burada – bizim beynimizdə olduğunu anlatmaq çətindir əlbəttə ki.
          Aprel döyüşlərində hər birimizin cəbhədə yaxınları var idi, onların sonu nə oldu? 10 gün ancaq ondan danışırdıq, indi də Türkiyədən danışırıq, görəsən sabah Türkiyə məsələsini unudanda nədən danışacağıq? Nəysə, zatən bu yazı çox uzun oldu. Bir neçə dəqiqə sizi məşğul etdiyim üçün üzr istəyirəm. Bir neçə dəqiqə vaxtınızı ayırdığınız üçün təşəkkür edirəm həm də... Bu arada, metronun qiyməti qalxıb deyirlər, düz söhbətdir? 

Seymur Oruc`u izlə
Facebookdan
İnstagramdan

Hiç yorum yok:

Yorum Gönder