Həm də bəzən onu düşünürəm ki, Azərbaycanda vicdan
azadlığının maksimum tətbiq olunduğu sosial sektor elə məhz səhiyyədir. Çünki
bu sahədə çalışan insanların əksəriyyət çoxluğu vicdanını azad buraxmışdır.
Amma əlbəttə
ki, həkimləri də anlayıram,elə onlara universitetlərində dərs demiş müəllimləri
də və elə o müəllimlərə dərs demiş müəllimləri də... Keçim dərdidir, sabit maaş
kifayət etmir. Nə olsun ki, kəfənin cibi yoxdur? Kim kəfən geyinib gəzir ki?
Bayaq xəstəxanaya müraciət edən xəstələrə kəfən
geyindirməyi sevən həkimləri, onların müəllimlərini başa düşdüyümü demişdim.
İmtahandan keçmək üçün verdikləri pulları necəsə etməli, səndən-məndən
çıxarmalı deyillərmi?
Bilirəm, biraz açıq danışıram. Nə də olsa
yaşadığımız ölkədə düşünəndə də, danışanda da, senzurayla, xüsusi
nizam-intizamla danışmaq lazımdır axı. Axı yerin də qulağı var. Üstəlik hər kəsin
bildiyi həqiqətləri səsləndirərək özümüzü niyə zibilə salmağa çalışaq ki?
... Kimyadan kifayət qədər bilməsəm də, biologiyanı
mükəmməl bilirdim. 11-ci sinifin əvvəllərində ən böyük arzum idi cərrah olmaq.
Ta ki, dayım cəmi 1000 manata görə, həkimin rəva bildiyi lüzumsuz əməliyyat
ucbatından ölənə və iki körpəsi yetim qalana kimi... İndi başqa bir qrupa
veridiyim imtahanla girdiyim ixtisasdan artıq məzun olmuşam. Sözüm onda yox.
İndi – xəstənin sağlam ayağını kəsən həkimi, sağlam doğulan körpələrin müəmmalı
ölümünü, doğuş zamanı son zamanlar ölən külli-miqdarda ana və uşaqları, Zərdab
rayonunda ilan zəhərinə qarşı zərdab tapılmaması səbəbilə 21-ci əsrdə ilan
vurmasından öləni və daha 10-larla, 100-lərlə belə aktları saydıqca şükr edirəm,
o zaman bu ixtisası seçmədiyimə görə.
Sosial şəbəkələrdəki dostluqlarımda kifayət qədər həkimlik
oxuyan insanlar var və onlar daim mənim nəzarətimdədir. Mənə maraqlıdır ki,
vicdanı soyunmağa haradan başlayır həkimlər? Əlbəttə, düşündükcə anlamaq olur
ki, bizə iyrənc görünən onlarla şey görürlər onlar. Amma düşünsəm belə anlaya
bilmirəm ki, insan həyatı bu insanlar üçün necə olur ki, bu qədər ucuzlaşır? Və
ən əsası, bizlərin xəstələnən kimi canımızı əlimizə alıb qaçıb getdiyimiz
xarici ölkə həkimləri bizim həkimlərin gördüklərindən daha az iyrənclikmi
görür?
Əlbəttə, daha yaxşıları da var: amma məncə, Ermənistanda
“Azərbaycanda biabırçılıq – xəstənin sağlam ayağını amputasiya etdilər” xəbəri
saytlarda tirajlananda yaxşı həkimlərin adı orada hallanılmır...
Bilirəm, nitqimdə siz həkimlər, artıq sizə qarşı bəslədiyim
o nifrəti sezmisiniz və bu dəqiqə üzbəüz otursaq, güman ki, o məşhur cümlənizi
təkrar deyəcəksiniz: bizi bu qədər tənqid etməyi bacarırsan, amma canın azca
ağrıyan kimi, alıb əlinə qaçırsan üstümüzə... Necə də şairanə cümlədir! Özünü
haqlı çıxarmaq üçün özünün verdiyi xidməti minnətə bağlamaq da yalnızca Azərbaycan
həkiminin sahib olduğu ali keyfiyyətlərdən biridir. Halbuki, o qədər əlavə mənimsəmələri
vardır ki, dövlətin sırf buna görə - vətəndaşına xidmət etməsi üçün verdiyi
maaşını artıq unutmuşdur.
Görünür, həkimlərimiz məşhur bir deyimimizdən yola
çıxaraq öz strategiyalarını seçiblər. Nədir, bəlkə “gəzməyə qərib ölkə, ölməyə
vətən yaxşı” ?
Seymur Oruc`u izlə


Hiç yorum yok:
Yorum Gönder