SEYMUR ORUC`UN RƏSMİ BLOQU`NA XOŞ GƏLMİSİNİZ!!! YAZILARLA BAĞLI FİKİRLƏRİNİZİ BİLDİRMƏKDƏN ÇƏKİNMƏYİN, LÜTFƏN

7 Ekim 2016 Cuma

Bakıya böyük sevgilərimlə... Nə qədər yüksəlirsə - yüksəlsin binaların



Böyük ümidlərlə çıxdığım yoldan elə əynimdə o zamankinə bənzər paltarlar və beş-üç manat pulla geri dönərkən belə bir cümlə işlətmişdim – “Nə qədər yüksəlirsə yüksəlsin binaların, amma sən - Bakı, sən həminki alçaqsan!”
Tam 16 il – bəlkə də gün və ayda balaca səhvlərə yol verə bilərəm, amma əminəm ki, tam 16 il ötüb artıq. Mən bu ölkəni tərk etdiyim zaman hələ 20-ci əsr 21-ci əsrə, 2-ci era 3-cüyə təslim etməmişdi özünü. Torpaqlarımız çoxdan getmişdi, amma heç ölkə də özünü neftə satmamışdı hələ.
Bir çox şeyin dəyişdiyini elə Bakıdakı ilk dayanacağımdan – Beynəlxalq Dəmir Yolu Vağzalından hiss etmişdim. Əlbəttə ki, sonuncu cümləmdən də aydın olur ki, Bakı dəyişmiş kimi görünsə də, mən qətiyyən dəyişməmişdim. Bir gün bu şəhərə təyyarəylə geri dönəcəyimi xəyal edərək çıxmışdım elə bu vağzaldan 16 il öncə.
O zamanlar “ursiyyetin” (Rusiya) qızıl kimi parıldayan vaxtları idi. Əmri o zamanlara qədər Moskvadan alan pərən-pərən düşmüş dövlətlərin millətləri üçün sonubilinməyən aclıq illərində elə o şəhər, o ölkə tək ümid yeri idi. Çox uzaq qala bilməmişdim oralardan, oraların işığı buradakı qaranlığı o qədər gözəl basdırmışdı ki... Adına Astraxan (Həştərxan) deyilən ucsuz bucaqsız Rusiyanın bu torpaqları mənim növbəti dayanacağım olacaqdı Bakıdan sonrakı və ömrümün növbəti 16 ilini çürüdəcəyim torpaqlar da elə buraydı. Kim bilir, bəlkə də adı dövlətlər siyahısında hallanmayan vətənimdə küçə təmizləmək burada tualet təmizləməkdən daha az cəzb edirdi, ya da bəlkə rus “nataşa”-ları çox cəlbedici idi, bilmirəm, amma həqiqət axtarırsınızsa, mən artıq buradayam – Küləklər şəhərində...
Küçələr, prospektlər çox dəyişib, enlənib, genişlənib... Adlar da dəyişib – buradakı adlar indi bir-birinə daha çox oxşayır. Prospekt boyunca ucalan binalar o qədər gözəldir ki, mən qadın aşiqi bilirdim özümü, sən demə gözəl binalara da aşiq olmaq olarmış. Bütün bu dəyişikliklərin fonnunda yaşadığım, böyüdüyüm, məhlə yoldaşlarımla dəlicəsinə qaçıb-oynadığım küçələrin də dəyişəcəyi ehtimalı məni qorxudurdu, görəsən tanış insan, tanış ev tapa biləcəmmi deyə içimi yeməkdəydim prospekt boyunca. O qədər çox dairə körpü ilə əvəz olunub ki, o qədər çox yeraltı metrolar şüşə üçbucaqlar içərisində üzə çıxıb ki... Əzizbəyov da dəyişib – Koroğlu olubmuş, ilahi! Burada – yolun sağında nəhəng bir şey ucalır rəngarəng. BOS (Bakı Olimpiya Stadionu) deyirlər adına. Avropa burada oyun göstəribmiş –  xəbərim yox idi – yəqin, köhnə rus bazarında üstü unlu fəhlə paltarlarındaykən çox şeydən xəbərsiz olmuşam. Amma hər halda, oyunların dəyişdiyini, indi insanlara başqa oyunlar göstərdiklərini görmək sevindirici idi ilk təəssürat olaraq... Budur, daha bir dairə körpü ilə əvəz olunub, amma şükr ki, Sabunçu elə Sabunçudur.

Əvvəllər rus soyuğu var idi buralarda. İndi hərgah qlobal istiləşmə, qlobalizasiya, avropalaşma, xülasə, avropanın istisi çoxalıb burada ki, soyunub qiyafəsini Həcərlər, Nigarlar. Nəbisi ölkəsindən qaçaq düşüb, Koroğlusu metrodakı bir stansiya...

Şükrlər olsun, buralarda tək dəyişiklik sarı qaz boruları, üzərində işığı yanıb-sönən sayğaclar, hə bir də, Avropalılar başımıza oyun açarkən daha gözəl görünsün deyə köhnə damları qırmızıya boyanmış evlərdi təkcə. Odur ki, evimi tapmaq çətin olmadı, elə tanış da...
Toz basmış evim necə də nənəsiz qaldığımı hiss elətdirir. Belə danışmağıma baxmayın, mən də yaxşı insan deyiləm – nənəmin illər öncə öldüyünü əli əsa tutmayan Cavanşir dayı dedikdə öyrəndim. Anasız, atasız yetim idim, indi kimsəsiz yetiməm, xoş gördüm, Bakı!
   Doğrusu Səfurə xalanı görmədiyimdə qarışıq hisslər keçirmişdim. O zamanlar birmənalı baxmırdılar buranın yerliləri qaçmışlara. Görünür, ona artıq ev verilmişdi. Amma daha sonra Səfura xalanın mənimlə həmtay oğlunu görəndə öyrəndim ki, buralarda ölən təkcə mənim nənəm deyilmiş. Oğluyla zorla sığdıqları bu komada indi Nəriman 4 övladı və yoldaşı ilə qalırdı. Əlində kağız-kuğuz tutmuş tələsməkdə olan Aydın dayıdan hal-əhval almaq cəhdim peşman etmişdi daha sonrasında. Aydın dayı yenə də məhkəməyə tələsirdi 16 il öncəsindəki kimi. Əfsuslar olsun ki, tək balasının yetimlərinin haqqı olan şəhid evini hələ də ala bilməmişdi. Düzdü, artıq nəvəsi Fatiməni çoxdan gəlin köçürmüşdü, elə Hüseyn də evlənmişdi, amma yenə də, “haqq axtarmaq yaxşıdır” deyirdi Aydın dayı, görünür şəhid olan hər vətən övladının onun şanslarını biraz daha azaltdığını o da yəqin etmişdi. Bir zamanların “alkaş Nizisi” indi top kimi idi. Altındakı mersedes üzündəki sıx saqqalın nurunu çox daha əlçatan edirdi.
Köhnə həmtayların bir çoxu artıq evlənib ailə-uşağa qarışmışdı, hətta bir neçəsi qızlarını oxudub diplomunu cehizlər arasına qoyub gəlin köçürmüş, oğlanlarının diplomunu çərçivələtib divara asmış, özü ilə birgə tikintiyə fəhlə kimi aparırdı. Daha əvvəlkitək çayxanalar domino oynayan təqaüdçülərlə yox, yüksək təqaüdlə ali məktəb bitirmiş gənclərlə doluydu...


Xülasə, bir bu şəhərə təkrar dönərkən demişdim, bir də indi “nənədənqalma yurd”-u satıb ursiyyetə - balalarımın və Nataşanın yanına qayıdarkən, özü də heç utanmadan bir də deyirəm ki, “Bakı, bacardığın qədər hündür tik binalarını, lap istəsən şüşə vurdur hər tərəfinə, amma sən elə həminki alçaqsan!”

Seymur ORUC`u

Hiç yorum yok:

Yorum Gönder