SEYMUR ORUC`UN RƏSMİ BLOQU`NA XOŞ GƏLMİSİNİZ!!! YAZILARLA BAĞLI FİKİRLƏRİNİZİ BİLDİRMƏKDƏN ÇƏKİNMƏYİN, LÜTFƏN

30 Kasım 2016 Çarşamba

Inanc və insaniyyət arasındakı ziddiyyətlər


Belə bir məşhur deyim var: “Məhəmməd S.Ə.S dirilib gəlsəydi onu ilk öldürənlər müsəlmanlar olacaqdılar”. Bu ifadənin anlamını tam dərk edə bilməyim üçün 22 il yaşamalı və bu yaşadığım müddətdə insanlar və onların inancları haqqında yazılar yazmağa başlamalıydım. Başlamalıydım ki, insanların - əsas da inanclı insanların yazılarıma yazdıqları rəyləri görüm. Ya da daha dərinə gedərək, üzümü biraz daha uzaqlara – Suriyaya, İraqa, Əfqanıstana, İrana və s. İslam ölkələrinə tutub onların güzəranlarına, orada yaşayan insanların düşüncələrinə, yaşam şərtlərinə diqqət yetirməliydim. Yetirməliydim ki, inanmaqla inanmamaq arasındakı o incə cizginin nə qədər həssas olduğunu görə bilim.
Bəzən mənə elə gəlir ki, inancsız insanlar inanclılara nisbətən daha humanist, daha səmimi, daha insaniyyətlidir. Hər halda bir insanın edəcəyi yaxşılıqların müqabilində hansısa bir mücərrəd məkanda hansısa mükafatlar alacağına inanmayanların etdikləri yaxşılıqlar inanların etdikləri yaxşılıqlara nisbətən daha içdən, daha həqiqi yaxşılıqdır. Bu sözümlə onu demək istəmirəm ki, bunun əksi də doğrudur. Yəni bu o demək deyil ki, inanan hər kəs sırf mükafat alacağına görə inanır.
Amma ən təhlükəli olan kəsim də məhz elə onlardır. Vay halına ki, bir müsəlman cənnət üçün ibadət eləsin, axirəti üçün yaxşılıqlar eləsin. Dinlə çox da yaxınlığım yoxdur, amma düşünürəm ki, İslamın özündə də bu tip ibadət düzgün sayılmır.
“Küfür haramdır” deyənlərin onların dinləri, inancları ilə bağlı azca şübhədoğurucu sual verdiyin zaman sənə küfür yağdırması, “zina haramdır” deyənin sırf qapanmadan geyindiyi üçün küçədəki hər qıza “altdan yuxarı” baxması və ilaxır bu qəbildən olan bütün sadalaya biləcəyim reallıqlar bu insanların özlərinin insanlıqlarına olduğu kimi, elə inandıqlarına da böyük şübhə yaradır. Belə insanların onların inanclarını sorğuladığınız zaman üstünüzə qartal təki şığıması, sanki elə bu tip yazılar gözlədiyi üçün tapan kimi “ancaq ailəsinə uyğun saya biləcəyimiz” söyüşlər hayqırması normaldı. Çünki insanların inkişafdan geri qalmış sırf bu tipinin xislətində bu var. Bu insanlar inanclarına şübhə yarada biləcək adicə bir yazıdan qorxarlar – bu onların özlərində də şübhə yaradar qorxusundan dolayı. Bu insanlar gözlərini yumaraq adəta kor misalı gəzməyə, yaşamağa, ölməyə öyrəşdikləri üçün və bu nəsillər boyunca onların genlərinə işlədiyi üçün onlar  oturub bir neçə həftələrini sərf edib dinlərinin kitabı olan Quran-ı oxumaqdansa onu yüksək bir yerdən günah olmasın deyə asarlar. Namaz qıldığını zənn edən bu tiplər gündəlik 5 (ya da 3) dəfə əyilib qalxmaqdan başqa bir şey etməsələr də, özlərinin qazanacaqlarını zənn etdikləri cənnətlə sənə acıq verməyə çalışarlar, amma elə Quranda yazılmış kimi də “onlar əsla bilməzlər”.
Bu insanlar sorğulamağı sevmirlər. Çünki beyin əvəzi kəllə qutularına montajlanmış bir neçə yüz qramlıq mürəkkəb “ət” təbəqəsi bu iş üçün yetərli deyildir. Elə bütün bunlara görə də Suriya, İraq, Əfqanıstan kimi 3-cü, həttə 4-cü dərəcəli dövlətlər bugündədir. Çox da uzağa getmədən onu da deyə bilərəm ki, ən az 3 insanın taleyini bilirəm ki, ailəsini də götürüb Suriyaya cihad dalınca getmişdir. Onların hər üçü artıq ölüdür. Yoldaşları da indi kim bilir oradakı hansısa “allahsevər”-in  - qucağında, üzr istəyirəm – ocağındadır. Uşaqları artıq cihadın övladlarıdır.
Allahla oturub duran sadaladığımız dövlətləri, ya da elə Azərbaycanın özünü – buradakı haqsızlıqları, özbaşınalığı görüb, bir də dinin yasaq saydığı hər şeyin yaşanmaqda olduğu qərb dövlətlərini – Norveçi, Hollandiyanı, Amerikanı və s. və oradakı güzəranı gördükdə, əvvəllər dinlə bağlı problemin olduğunu düşünmüşdümsə, indilərdə fərqinə varmışam ki, bu nə Allah, nə də İslamla bağlı deyil, özünü mömin sanan müsəlmancıqlarla bağlı problemdir. Və ən pisi də bu insanlıqdan payını almamış varlıqlar sənə inancdan, Allahdan, cənnətdən moizələr deyir. Yaxşılığı insanlıq üçünmü, cənnəti üçünmü, ya da daha konkret deyərək oradakı vəd olunmuş hurilər üçünmü edir, bax, burası qos-qocaman bir müəmmadır...

Xülasə, bir şey dəqiqdir ki, əgər peyğəmbər dirilib gələrsə, nə kafir, nə bir başqası, onu ilk öldürən elə bunlar olacaqdır!  

Seymur ORUC`u 

Hiç yorum yok:

Yorum Gönder