SEYMUR ORUC`UN RƏSMİ BLOQU`NA XOŞ GƏLMİSİNİZ!!! YAZILARLA BAĞLI FİKİRLƏRİNİZİ BİLDİRMƏKDƏN ÇƏKİNMƏYİN, LÜTFƏN

17 Aralık 2016 Cumartesi

Baş daşları üzərində ucaltdığınız binalar - bir gün dağ olacaqlar!!!



Yenə qəza! Yenə SOCAR! Yenə istismar müddəti ötmüş qurğular!
Mən yüksəkmərtəbəli binaları, ümumiyyətlə, şəhər memariyyəsini sevən biriyəm. Açığı demək gərəklidirsə, o köhnə binalardan daha cazibəli gəlir mənə yeniləri. Məsələn, bəlkə də bir yazar üçün heç də gözəl səslənməyəcək bunu deməyim, amma mən İçəri şəhərin binalarından daha çox bəyənirəm Alov qüllələrini. Trump qülləsi, SOCAR qülləsi, Ağ şəhər və digər bütün yeniliklər məni hər baxdıqca heyrətləndirir. Lakin bütün bunların batmış neftçilərin meyitləri üzərində ucaldığını düşündükdə, ağrıyır ürəyimin bir yerləri, şübhə salır binalara olan sevgilərimə, şübhə salır SOCAR adlı qüdrətlimizin qüdrətinə.

Beynimdə dəli suallar var və hər sualım Ramiz Təkani kimi soydura bilər dərimi. Üstəlik dərd kürk dərdi də deyil. Bu həssas zamanda bu həssas hadisədən oxuma qazanırmış kimi də görünməmək dərdi var. Məlum məsələdir ki, biz Azərbaycan adlı kiçicik bir ölkədə yaşayırıq və bu ölkədə hər hərəkətə yaraşan bir el məsəli var hərəkət sahibini utandıracaq cinsdən olan.
Amma nə qədər susmağa çalışsam da, vicdanım əl verməyəcək ən yuxarıdakılardan bu içimi kəmirən sualları soruşmamaq üçün: O qədər pul hara getdi, bəylər? Hər ilin dekabrını neftçilərin ölüm ayımı etmək lazım? Bu qədər binalar tikərkən, ya da artıq qalan materiallardan özünüzə bağ evləri ucaldarkən, yetmədi o fəhlələrin belindən qazandığınız pullarla İsveç banklarında ailələrinizin adına hesablar açarkən çətin idi bir an üçün o fəhlələrin canlarını əmanət etdikləri qurğuları yeniləmək? Axı varımızdır! Hər dəfə xarici qonaqlara göstərdiyiniz o bahalı qurğuları Aztv-niz hər gün-hər gün yayımlayır! Nədir, bəlkə onlar da sizlərin bağ evlərinizdə quraşdırılıb? Bir an üçün o fəhlələrin əllərinə deyil, canlarına sığınan ailələrini düşünmək o qədər də çətin olmamalıdır? Bu qədərmi çətindir anlamaq ki, o fəhlələr yox ikən, siz də yoxsunuz! Hər batırdığınız fəhləyə, ən azından ailə başçısı kimi baxmağa vicdanınız yetmirsə, əmək kapitalı kimi baxmağa ac olan gözləriniz yetə bilir?
Tapdınızmı keçən il batırdığınız fəhlələrin nəşini? Yaxşı bəs, gələn il batıracaqlarınıza kimi tapacaqsınızmı indi batırdıqlarınızı? Sizin üçün, əlbəttə ki, asandır. Atacaqsınız bir neçə on minlikləri o bədbəxtlərin ailələrinin qabağına, artıq-əskik danışanları susduracaqsınız, vakansiya elan edib yeni bədbəxtlər tapacaqsınız. İtirdiyiniz on minliklər isə, bir gecəyə itirdiyiniz qumar pulunuzdan, bir gecəlik qadınlarınıza xərclədiyiniz pullarınızdan artıq olmayacaq bəlkə... Ki, o pulları yenə o bədbəxtlərin iş yoldaşlarının bellərindən çıxarmağın bir yolunu mütləq tapacaqsınız, axı siz mahirsiniz hesabları ört-basdırda.
Əvvəl-axır haqq-ədalət yerini tapır deyirlər ha... Ki, görürük ki, haqlıdır bu ifadə. Hər gün birinizin sandıq-sandıq qızıllları ifşa olunur digəriniz tərəfindən. Mənə bilirsinizmi, nə maraqlıdır? Nə zamana kimi bacaracaqsınız qana bulaşmış əllərinizi insanlardan gizlətməyi? Nə zaman o bağ evləriniz başınıza uçurdulacaq? Nə zaman hər yerə basdırdığınız heykəlləriniz dirilib sizin özünüzü daşa döndərəcək?
Xülasə, suallar çoxdu əslində, amma yaxşı ki, susuram... və yaxşı ki, susuruq – susuruq xalq olaraq!


 Seymur ORUC

Hiç yorum yok:

Yorum Gönder