SEYMUR ORUC`UN RƏSMİ BLOQU`NA XOŞ GƏLMİSİNİZ!!! YAZILARLA BAĞLI FİKİRLƏRİNİZİ BİLDİRMƏKDƏN ÇƏKİNMƏYİN, LÜTFƏN

11 Aralık 2016 Pazar

ILLUMINATI - Siyasətin böyük yalanı


“Dünyanın mövcud düzəninin varoluşunu sürdürməsi üçün mütləqdir ki, yeraltı təşkilatları olmuş olsun. Bu təşkilatlar dünyanın inkişaf istiqamətini bəlirləyir, onun siyasətini və iqtisadiyyatını tənzimləyir. Ayrı-ayrı dövlətlərin deyil, əsas olan şey onların maraqlarıdır. Onların istəklərindən kənarda mövcud olan istənilən düzən, ideologiya məhvə məhkumdur” – kimi şeyləri bir anlıq kənara qoyun! Məsələyə bir də əks istiqamətdən baxın!

Əlbəttə, insan xisləti, məhiyyəti etibarı ilə çox düşünməyi sevir. Bəzən sadə şeylər ona mənasız, maraqsız gəlir. Məsələn, heçmi sizdə belə bir şey olmayıb ki, test sualına cavab verərkən, sual sizə asan gəlsin və qoyulmuş variantlardan biri bu sualı çox sadə şəkildə izah etsin. Bu zaman siz də “yəni bu qədər asan ola bilərmi cavab” deyə düşünüb o cavabı deyil, yanılaraq başqa cavabı seçmisiniz? Bax az öncə haqqında stat gətirilmiş o yeraltı təşkilatlar da eyni insan zəkasının məhsuludur.
İnsan mahiyyəti etibarı ilə yüz illərdir eyni yerdə addımlayır və həqiqət gərəkdirsə, nə qədər zamanələr biri-birini əvəz etsə də, bəşər övladı bir arpa boyu məsafə belə qət etməmişdir. Əlbəttə, deyəcəksiniz ki, bəs kosmik peyklər, yeraltı tədqiqatlar, nüvə reaktorları, lap elə olsun nüvə bombaları – bunlar nədir? Əslində burada söhbətin konkret inkişafdan deyil, insanın mahiyyətindən getdiyini anlayan o kəslər, artıq onu da anladılar ki, bütün bu “inkişaf” adlandırdığımız geyinilmiş qiyafə eyni xislətin məhsullarıdır. Sonuncu fikri anlamayanlar üçün daha ətraflı anlatmaq gərəksə, məsələ burasındadır ki, insan pulu, bank-maliyyə əməliyyatlarını, forex-i, silahları və digər hər şeyi yüz illərdir eyni şeyi düşünərək yaradır – bu dünyada sürdürəcəyimiz 40-50-60 ili daha maraqlı necə yaşamaq olar? Daha dəqiq demək gərəksə, əlbəttə, iphone 4 rahat telefondur, 5 ondan daha rahatdır, 6 –ya söz ola bilməz, 7 isə tamam başqa aləmdir, yaxşı bəs xoşbəxtdirmi bəşər övladı? İndi sümüklərini mağaralarda tapdığımız o ulu əcdadlarımızdan arpa boyu qədər daha xoşbəxt olmağı bacara bilirikmi? Buna görədirmi, bir gün iphone 8, 9, 10 ... çıxacaq? Demək ki, biz həyatımızı, əslində, rahatlatmırıq, sadəcə mürəkkəbləşdiririk.
Ona görə də dünyanı dövlət başçıları idarə edir fikri bizim üçün – insanlar üçün çox sadə yanaşmadır. Necə yenə dövlət başçıları? Bəs izaholunmaz yeraltı sektalar, təşkilatlar, dünyanın hər yerinə paylanmış illuminati işarələri, Eminem, buynuzlu keçi, bəs onlar?
Biranlıq, bütün düşüncələrinizi, hətta insan xislətinizi soyunub, düşünməyə çalışın! Məsələyə digər tərəfdən baxdıqda onun necə sadə mexanizm üzərində qurulduğunu görüb məyus olacağınızı əvvəlcədən xəbər vermək istərəm.
Məsələ burasındadır: insanlar xoşbəxt olmaq istəyir. Onlar həm Yaradanına inanan və ya inanmayan insan, həm də vergi ödədiyi dövlətin vətəndaşıdırlar. Son cümlədən anlaşıldığı üzərə sizlərin vergi ödəməmək kimi bir lüksünüz yoxdur! Bəs kimlərin var?
 Seçkilər keçirilir, bu zaman seçilmək istəyənlər yüz cürə qiyafə soyunub-geyinir, az qala yüz illərdir xoşbəxt olmağı bacarmayan insan övladını xoşbəxt edə biləcəyini, dövlətinin vətəndaşlarını ağ günə çıxara biləcəyini iddia edir. Dövlət çox şəffafdır və seçicilər öz hökümətini seçirlər, ya da şəffaf deyil və hansısa iradələrə tabe şəkildə hökümət təyin olunur. Daha sonrasında isə əvvəldə az qala ölümsüzlüyü vəd edən o kəslər çəkilirlər çox yuxarılara. Vədlər yalan idi, insanlar aldadıldı. Lakin 5, 10, 15 illiyinə və ya bir ömür boyunca, yetmədi övladını da hakimiyyətə gətirə bilməsi üçün bu oyun necəsə davam etdirilməlidir, ya yox? Yalanı, əlbəttə ki, ən yaxşı şəkildə, başqa bir yalan ört-basdır edə bilər.
“Bağışlayın, biz də istəyirik bir şeylərin düzəlməsini, amma nə edək ki, hər şey bizim iradəmiz xaricindədir. Bizlər sadəcə kuklalarıq. Bizlər aysberqin görünən tərəfiyik, yəni qısacası ümidinizi bizdən üzün!” Biz də insan övladı olduğumuz üçün, ha bir də unutmadan onu da deyim ki, tez inandığımız üçün “adam düz deyir də, o, neyləsin ki, o da nəticədə bir kukladır” fikrinə qapılırıq. Axı biz sadəliyi sevmirik!
Doğrudur, Azərbaycan kimi xırda dövlətlər hər halda müəyyən iradələrə tabedir, ancaq bu iradələr bizim düşündüyümüz qədər ürküdücü, az qala ilahi iradələr, gözəgörünməz – yeraltı iradələr deyil. Bu iradələrdən biri lap şimalımızdadır. Biz ora peraşki satmağa gedirik. Bir başqa iradə okeanın taa o tayındadır. Bir başqa iradə lap cənubumuzdadır – qara çadralar ölkəsində. Bir başqası qərbimizdədir – qardaşımızdır. Birisi qos-qocaman Avropadır, birisi müqəddəs torpağın İsraili. Amma bu İsrail o İsrail deyil!  Hər halda, biz öz iradəmizlə hərəkət etmiş olsaydıq, çoxdan Şuşada İdman kompleksi, Kəlbəcərdə bayraq meydanı yüksəltmiş, Xankəndidə içində həkim tapılmayan nəhəng dioqnostika xəstəxanası fəlan tikmişdik. Ya da ən azından bu aprel döyüşlərində irəli gedib geri qayıtmamış, işi çoxdan bitirmişdik.
Amma bizim iradələrimizi təmsil edən o qos-qocaman dövlətlərin də başçılarını kukla adlandıraraq özünüzü güldürməyin lütfən!
Digər tərəfdən bir də buna baxın ki, görün mason olduğu iddia olunan o müğənnilər, məsələn elə VEVO-çular, bu qara PR (reklam) nəticəsində Youtube-da nə qədər izlənilirlər? Odur ki, əslində, bu yazını yazmaqla səhvə yol verdiyimi, indi anlamışam. İndi mən də onun fərqinə vardım ki, “alan da məmnundur, satan da məmnundur”, bəs məni nə incidir? Nə hikmətsə mən heç soğan yeməyi də sevmirəm.
Xülasə, azca da olsa, sizi öz mürəkkəb dünyalarınızdan ayırdığım üçün üzr istəyərək, bu dəfə də “gələn yazıda görüşənə kimi” deyir, üstünüzü qalın örtmənizi təmənni edirəm. Qışdır, bir tərəfinizə soyuq olar, sonra çaşıb siz də mənim kimi düşünməyə başlayarsınız 

Seymur ORUC`u











Hiç yorum yok:

Yorum Gönder